wrapper

Beaking News

1016897 511566625619889 7701973118365916019 nTəşkilat rəhbəri son günlər mediada baş verənlərə sərt münasibətini bildirdi. Nəfəs LGBT Azərbaycan Alyansının rəhbəri Cavid Nəbiyev həyata keçirdikləri fəaliyyətdən sonra mediada baş verən hadisələrlə əlaqədar təşkilatın mövqeyini bildirdi. Son günlər baş verən hadisələr bizi çox narahat edir. 17 May Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günü ilə əlaqədar keçirdiyimiz tədbirlə bağlı müşahidə etdiklərimizdən çox təəssüf hissi keçirdirik.

 

Həmişə LGBT mövzusu ortaya çıxdığı zaman “Biz müharibə şəraitində yaşayırıq”, “Qarabağı kim alacaq?” kimi bənzər sözləri eşidirik. Gay olmaq özünü qadınsı aparmaq, fahişə həyatı keçirtmək, küçədə əxlaqsız hərəkətlər etmək demək deyil, bu yanlış fikirdir. Günü bu gün orduda kifayət qədər xidmət edən gay insanlar vardır, hansı ki ali baş komandanın tapşırığı altında istənilən an ərazi bütövlüyümüzü qorumağa, Qarabağ uğrunda canından keçməyə belə hazırdırlar. Amma çox təəssüf ki, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı Qobustana edilən yürüşlə bağlı mediaya savadsızcasına fikirlərini bildirib, bizi və Niderland Krallığının Azərbaycandakı səfirliyini Azərbaycana qarşı düşmənçilik siyasətində günahlandırıb. Amma unudub ki, insan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır(Azərbaycan Respublikası Konstitusiyası –Maddə 25.3) və belə olduğu halda bu çağırışlarına görə Akif Nağının özü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə cəzalandırılmalıdır(Maddə 154.: Bərabərlik hüququnu pozma). Əgər cənab Akif konstitutsiyadan xəbərdar olsaydı, o zaman bilərdi ki, eynicinsli münasibət Azərbaycan Respublikasının qanunvericiliyinə görə də cinayət sayılmır və ümumilikdə konstitusiyada belə bir məsələ öz əksini tapmır.

Cəmiyyətimiz və nüfuzlu şəxslər anlaya bilmirlər ki, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır(Azərbaycan Respublikası Konstitusiyası –Maddə 7.1) və Azərbaycan Respublikasında din dövlətdən ayrıdır(Azərbaycan Respublikası Konstitusiyası –Maddə 18.1). Başa düşürük ki, Azərbaycan cəmiyyətində müsəlman dininə etimad çoxluq təşkil edir. Və hər kəs kimi biz də insanların dini inancına hörmət etməyi özümüzə borc bilirik. Lakin, bu o demək deyil ki, LGBT insanları və LGBT hüquqlarını dəstəkləyən şəxlərin özəl həyatlarını dini amillərdən istifadə edərək ittiham etmək, təhqir etmək, ölüm ilə hədələmək və buna bənzər nifrət çağırışlarında olmaq lazımdır. Bu ölkədə dini etiqadı olan insanlarla yanaşı, digər sosial qrupa daxil olan insanların, o cümlədən, LGBT insanların da yaşamaq hüququ vardır və bu hüququ heç kəs digərinin əlindən ala bilməz.

Çox təəssüf ki, LGBT insanlar cəmiyyətin gözündə əxlaqsız həyat tərzi keçirdən bir insan kimi canlanır. Əslində bu belə deyil. LGBT insanlar istəyi sadəcə cəmiyyətin onları özündən ayırmaması, müxtəlif sahələrdə diskriminasiya etməməsidir. Çünki, LGBT insan demək, əxlaqsız həyat tərzi keçirən biri demək deyil. Onlar da digərləri kimi normal həyat tərzi keçirən, normal münasibət yaşayan insanlardır.

Bununla yanaşı münasibət bildirmək istədiyimiz digər bir məqam da odur ki, nədənsə jurnalistlərin homofob olması və bu mövzuda olan hər hansısa bir xəbəri qərəzli formada yayımlamasıdır. Jurnalist etikası olaraq tərəf tutmaq, öz şəxsi fikrini bildirmək, ən əsası bu mövzudan reytinq qazanmaq üçün istifadə etmək heç də düzgün bir hal deyildir. Hörmətli jurnalistlər, unutmaq lazım deyil ki, sizin hər bir cümləniz bir insan həyatına bais ola, nifrət çağırışlarının artmasına səbəb ola bilər. Ona görə də jurnalistlərin informasiyanı yayarkən seçdikləri dilə, xəbər başlıqlarına və yerləşdirdikləri şəkillərə diqqət etməli olduğunu düşünürük. Həmçinin hüquq mühafizə orqanlarının bu məsələyə nəzarət etməli olduğunu düşünürük. Çünki, sosial şəbəkələrdə bir sıra səhifələr var ki, orda təşkilatın rəhbərliyinə və üzvlərinə qarşı nifrət çağırışları, təhqirlər, hədə-qorxular gəlinməkdədir. Hüquq mühafizə orqanları da öz fəaliyyətini Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin "Böhtan" (147-ci maddə) və "Təhqir" (148-ci maddə) maddələrinə edilən dəyişikliklər əsasında nizamlamalıdır.

Son redaktə Bazar ertəsi, 14 Sentyabr 2015

Şərh əlavə et


Mühafizə kodu
Yenilə

Haqqımızda

Nəfəs LGBT Azərbaycan Alyansı 27 dekabr 2012 – ci il tarixində yaradılıb.

Missiyamız LGBT insanların Azərbaycanda ictimai – siyasi rifahını yaxşılaşdırmaqdır.

Bizimlə Əlaqə

Facebook

Twitter